Azerbaijan Army Soldier’s diary
Bir əsgərin gündəliyi

Jun
10

Gündəliyimin 10-cu səhifəsinə qədəm qoydum. Hərdən dönüb geriyə, 10 gün əvvələ baxıram və bir daha əmin oluram ki, bizim cəmiyyətdə əsgərə qiymət vermirlər. Bunu əsgər olmamışdan qabaq hiss etməyə başlayırsan. İradəsi zəif olanlar artıq indidən mənəvi cəhətdən əzilməyə başlayıblar. Gənc çağırışçılar da bu mənasibət qarşısında tab gətirmirlər. Kimisi qaraqabağ olur, aqressivləşir, əsəbilik artır, nifrət artır, həvəs ölür…

Ən mənfi təsir edənlərdən biri isə artıq xidməti başa vurub gələnlərin, əsgərliyə yüksək əhval-ruhiyyə ilə hazırlaşan çağırışçılara dedikləri “Mən də gedəndə sənin kimi fikirləşirdim. Amma hər şey başqa cürdür. Ağlın varsa əsgərliyə getmə” və bu tipli digər fikirlərdir. Əsgər və əsgərliyə münasibət dəyişməlidir və ən tez müddətdə. AzTV verlişləri ilə ictimai fikir dəyişimir. Bu məsələ cəmiyyətin hər bir fərdinin şüurunda baş qaldırmalı və düzgün cavabını tapmalıdır. Əks təqdirdə əzilmiş əsgərin əlində ən müasir silah olsa belə o qalib ola bilməz…

Jun
09

Son zamanlar çox əsəbi olmuşam. Xüsusilə üzündə tupoy vırajenie olan insanların “Bıy səni hələ aparmayıblar?” sualın eşidəndə öz hərəkətlərimə sərhədd qoymaq istəmirəm. Birincisi məni aparmırlar, özüm gedirəm. İkincisi də, f**k off sənə nə mən nə vaxt gedirəm? Bu ayı davasız yola verə ilsəm sevinərəm. Günümün böyük hissəsi yenə də kitablarla keçir.

Jun
08

Bu günlər yenə də darıxdırıcı olur. Bütün günü evdı dərs oxumuşam. Nə yaxşı ki, Avvropa çempionatı da başladı. Bir az baş qatmaq olur. İtaliyanın oyununu böyük səbirsizliklə gözləyirəm.

Jun
07

Əsgərlik qabağı həyatındakı ilk dəyişiklik insanların sənə münsaibətini ilə başlayır. Bu sanki ələnmə prosesidir. Bizim ətrafımızda olan insanları necə dəyərləndiririk? Şad günümüzdə bizimlə olanları yaxınımız qəbul edirik. Sonra isə çətin günümüzdə yanımızda olan insanlara baxırıq. Sonra isə nəticə çıxarırıq, həm çətin, həm də xoş günümüzdə bizimlə olanları özümüzdən bilirik. Əsgərlik isə bu anlamda nəsə özünəməxsus bir hadisədir – kimin üçünsə xoşdur, kimin üçünsə bəd. Burada hər kəsin safı bilinir. İl boyu ətrafında fırlanıb səndən nəsə umanlar birdən yox çıxırlar. Çünki, bir il səndən istifadə edə bilməyəcələr. Zənglərin sayı azalır, smslərin sayı azalır, diqqət azalır… Bütün bunlar nədən irəli gəlir? Cavabı axtarsaq fəlsəfəyə baş vurmalı olacağıq. İnasanlardır, yaxşısı var, pisi var… Bəlkə də bunların kökündə cəmiyyətimizdə əsgərə hörmətin olmaması durur? Bəs əsgəri hörmətsiz edən nədir ?

  • Cəmiyyətdə hörmət pulla ölçülür
  • Pulu olan əsgərliyə getmir
  • Əsgərsənsə pulun yoxdur, hörmətsizssən.

Qəribədir, ictimai fikri kim formalaşdırır ? Çoxluq yoxsa elita? Əgər çoxluqdursa, çoxluq onsuz da hərbi xidmətdədir. Bu insanın özü-özünə əks getməsidir. Əgər elitadırsa, ağzında elita deyirsən, onlar bunun yanlış olduğunu hamıdan yaxşı bilməlidirlər. Bəlkə problem elə bu elitadadır?

Suallar çox, vaxt isə az…

Jun
06

Bu gün maqistr jurnalı aldım. Mənim ixtisasıma qəbul planlı çox azdır. İndiyədək oxuduqlarım yetərsiz ola bilər. Yaxın günlərdə dərslədə daha diqqətli olmalıyam. Bu arada universiteti də bitirmək üzrəyəm. 4 il bir göz qırpımında keçdi. Əldə etdiyim isə həyat təcrübəsi, yaxşı dostlar, bir az bilik və ümid edirəm ki, bir parça kağız – diplom olacaqdır. Diplom demişkən, diplom işimi də müdafiə etməliyəm. Yaxın günlərdə kitab-dəftərdən ayrılacağıma inanmıram…

Jun
05

Bu hərb məsələlərindən ayrılıb bir az da mülki həyatdakı işlərimizi yekunlaşdıraq. TQDK-nın “Magistr” jurnalı artıq satışdadır. Saytlarına baxdım, ixtisas siyahısı yox idi. Təcili jurnal almaq lazımdır. Bir az da hazırlşmaq :)

Jun
04

Komissarlıqdan qayıtdıqdan bir gün sonra yenə həyat əvvəlki axarı ilə davam edir. Özümün nə hisslər keçirdiyin bundan sonrakı yazımda yazacağam. İndi isə ətrafdakılardan danışmaq istəyirəm. Əvvəlki gendəlik həyat. Nəzərə çarpacaq çox az dəyişiklik var. İnda daha çox gənc hərbi xidmət və əsgərlikdən danışır. Müzakirə edir, yaxınlarının təcrübələrini bölüşür və hər kəs müəyyən hansısa hərbi hissənin daha yaxşı və ya ən pis olduğunu isbat etməyə çalışırlar.

Vaxt isə öz işindədir

Jun
03

Növbəti gün daha maraqlı oldu. Tibbi yoxlanışdan keçmək lazım idi. İlk oncə poliklinikada rentgendən keçmək. 1 saat nəticələr çıxır. 2 AZN ödəmək lazımdır. Hər şey qaydasındadır. Birinci mərhələ uğurla keçildi. Çıxarkən gülərüz xanım sağ-salamat xidmət etməmi arzularyır, mən də təbəssümə xəsislik etməyərək ona dərin təşəkkürümü bildirirəm.

Növbəti dayanacaq Komissarlıqda olan müayinə otağıdır. Şəxsi işim əlimdədir və həkimlər məni müayinə etdikdən sonra yararlı olub-olmadığımı müəyyən etməlidirlər.

İlk yaxınlaşdığım həkim soruşur : “Xidmət etmək istəyirsən ya şikayətin var ?” Sualın qəribəliyinən bir qədər cavab verməkdə çətinlik çəkirəm və bunu başa düşən xanım ikinci dəfə fərqli şəkildə soruşur :

- Əsgərliyə getmək istəyirsən?
- İnşAllah gedəcəyəm.
- Onda sumkanı çıxart qoy buraya və çıx tərəziyə.

Boy 175, çəki 67. YARARLIDIR !

İkinci , göz həkimidir. Aşağıdakı 2 hərfdən başqa bütün yerdə qalan hərfləri oxudum. YARARLIDIR !

Dişlərinə baxım…” YARARLIDIR !

“Oğlum, daxili orqanlarında, ürək, ciyər, mədə problemin yoxdur ?” YARARLIDIR !

“Əsəb problemin yoxdur? Hirslənmirsən? Qollarında baxım…” YARARLIDIR !

Qısası, həkimlər bir-birinin ardınca şablon suallar verir və şəxsi işimə  yuxarıdakı sözləri  yazırdılar. Ən sonuncu isə bütün sənədlərə baxıb, “Təbrik edirəm oğlum, sağlamsan. Sağ-salamat get, gəl.” dedi və mən dünən ilk gəldiyim otağa qayıtdım. Burada isə şəxsi işi götürüb yenə kiçik ağ kağız verdilər. Bunu deyəsən Universitetə verməliyəm…

Hələlik, Voenkomat,  28 gündən sonra görüşəcəyik :)

Jun
02

Yuxulu olduğumdan telefonda danaışan şəxsin sözlərini tam olaraq anlamırdım. Tuta bildiklerimi tez bir şəkildə vərəqə yazdım.

Bir saatdan sonra  Hərbi Komissarlıqda idim. Daha yarım saat sonra isə əlimdə kiçik ağ vərəq tutmuşdum : …ƏMR EDİRƏM 01 iyul 2008-ci il saat 9:00-da hərbi xidmətə yola düşmək üçün…

Bu  doğurdan da qəribə hisslər idi və həyəcanlı və qururverici…

Jun
01

Bu Azərbaycan Milli Ordusunda qulluq etməyə hazırlaşan sadə bir Azərbaycan gəncinin gündəliyidir. İlk gündən son günə qədər bütün hadisələri sizlərlə paylaşaraq, Azərbaycanda hərbi xidmətin necə olduğunu birlikdə öyrənəcəyik. Mən bunları yaşayıb yazacaq və sizlərlə bölüşəcəyəm.

Ya Allah!